“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Təlim Mərkəzinin dəstəyi ilə “Naxçıvan gəncləri üçün liderlik məktəbi”nin təlim mərhələsinə start verilib.
Layihə çərçivəsində seçim mərhələsindən uğurla keçmiş iştirakçılarla tanışlıq xarakterli görüş və ilk təlimlər təşkil olunub.
Təlimlər çərçivəsində şəxsi inkişaf və karyera planlaşdırması üzrə təlimçi-ekspert Tofiq Sadıxov ilk olaraq “Nitq, ünsiyyət və təqdimetmə bacarığı” mövzusunda iştirakçılara effektiv ünsiyyətin əsas prinsiplərini, nitqin düzgün strukturlaşdırılmasını, mesajın auditoriyaya uyğun çatdırılmasını və təqdimat zamanı inandırıcılığın artırılması üsullarını izah edib. Daha sonra praktiki tapşırıqlar və interaktiv məşğələlər vasitəsilə gənclər öz fikirlərini daha aydın ifadə etməyi, bədən dilindən düzgün istifadəni, səs tonu və intonasiyanı idarə etməyi təcrübədən keçiriblər.
“Auditoriya qarşısında çıxış” mövzusunda keçirilən digər təlimdə iştirakçılara çıxış həyəcanının idarə olunması, özünəinamın artırılması, çətin auditoriya ilə işləmək və sual-cavab prosesini effektiv aparmaq bacarıqları barədə məlumat verilib, eləcə də gənclərin praktiki bacarıqlarının gücləndirilməsi məqsədilə real çıxış simulyasiyaları təşkil olunub.
Qeyd edək ki, layihə gənclərin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnmələrinə imkan yaratmaq məqsədilə həyata keçirilir.